Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xəbərlər
23 İyul , 2020

Ağdam rayonu Azərbaycanın qədim, füsünkar təbiətli torpağı olan Qarabağın mərkəzində-Qarabağ dağ silsiləsinin Şimal-Şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim minillik tarixi abidələri bu günə qədər gəlib çatmışdır. Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. İlk qədim insanlar rayon ərazisində 6-8 min il bundan əvvəl, yəni Eneolit dövründə(e.ə.VI minillikdə) yaşamışlar. Azərbaycan ərazisində formalaşan Albaniya quldar dövlətinin formalaşmasında mühüm rol oynamışlar. Ağdam rayonu 1930-cu ildə təşkil edilmişdir. Rayonun ərazisi 1094 kv.km olmaqla relyefi əsasən düzənlik, qismən dağlıqdır. 1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd-yuvalarından, daha sonra Dağlıq Qarabağ Muxtar vilayətindən doğma isti ocaqlarından silah gücünə, amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi. 1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan bədnam rus ordusuna arxalanaraq Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Xüsusən Ağdama olan hücumların ardı-arası kəsilmirdi. 1993-cü ilin may ayının 11-dən etibarən qızışan bu hücum əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatdı. Bundan sonra 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 kv.km-ni, yəni ümumi ərazisinin 77,4 %-ni işğal etməyə nail oldu. İşğal edilmiş Ağdam şəhəri və 87 kənd analoqu olmayan bir vəhşiliklə darmadağın edilərək yerlə yeksan olundu. Ağdamın müdafiəsi üzrə döyüşlərdə 5 min nəfərdən çox azərbaycanlı həlak oldu, minlərlə insan fiziki şikəstlik qazandı, rayonun 126 min nəfərdən çox əhalisi öz doğma ev-eşiyindən qovularaq məcburi köçkünə çevrildi. Ağdamdan olan məcburi köçkünlər Azərbaycanın 59 şəhər və rayonunun 875 yaşayış məntəqəsində məskunlaşdı. Ərazisinin 70 faizindən çox hissəsini itirən Ağdamın işğalı ilə Azərbaycan iqtisadiyyatı 3 milyard manat vəsait itirdi. Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Ağdam rayonunun işğalı nəticəsində ölkəmizə ümumilikdə 6 milyard 179 milyon dollar məbləğində ziyan dəydi. Azərbaycan Respublikasının Prezidentin cənab İlham Əliyev fərman və sərəncamları ilə respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi Ağdamın işğal olunmayan ərazilərində də regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində hərtərəfli inkişafa nail olunub, böyük abadlıq, quruculuq işləri aparıldı, ən müasir sosial infrastrukturlar yaradıldı. 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində törətdiyi növbəti təxribatlar, artileriya atəşləri nəticəsində Ağdam rayonunun da yaşayış məntəqələrinə, mülki obyektlərə, evlərə ciddi ziyan dəymişdir. Vəziyyətlə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva erməni silahlı qüvvələri ilə təmas xəttində yerləşən Ağdamın Mahrızlı kəndində olmuş, əhaliyə dəyən ziyanın aradan qaldırılması, evlərin bərpası və yenidən qurulması sahəsində təxirəsalınmaz tədbirlər görmüş, hərbi əməliyyatlar zamanı dağılmış evlər qısa zamanda yenidən tikilmişdir. Dövlət başçısının diqqət və qayğısı bu gün də yerlərdə davam etdirilir. Şirvan şəhər İcra Hakimiyyəti şəhərdə məskunlaşan digər məcburi köçkünlərlə yanaşı Ağdamdan olan 62 məcburi köçkün ailəsini diqqət və qayğı ilə əhatə edib. Mənzilə ehtiyacı olan 56 ailəyə yeni salınan məktəb, uşaq bağçası və digər sosial infrastrukturla təmin edilmiş hər cür şəraiti olan şəhərcikdə mənzillər verilib. Ağdamlılar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildirirlər.