Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xəbərlər
14 İyul , 2020

Müharibə aparan ölkənin güclü ordusunun olması şərtdir. Necə ki, ordu-rəhbər birliyi, ordu-xalq vəhdəti 2016-cı il aprelinin əvvəllərində Lələtəpə istiqamətində, 2018-ci il mayın sonlarında Günnüt istiqamətində gedən döyüşlərdə öz sözünü dedi, bu dəfə də bu birlik Tovuzda da düşmənə öz yerini göstərdi. Bir daha şahidi olduq ki, əsgərlərimiz qisas eşqi ilə alovlanır və torpaqlarımızı göz bəbəyi kimi qorumaga hazırdır. Əzmli ordumuz bir daha dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini bütün dünyaya nümayiş etdirdi, İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.Təəssüflər olsun ki, bütün dünyada koronavirus pandemiyası tüğyan etdiyi bir zamanda mənfur duşmənlər yenə də öz çirkin əməllərindən əl çəkmədi. Lakin Azərbaycan Silahlı Qüvvələri düşmənin layiqli cavabını verdi, bundan sonra da verəcək. Prezident İlham Əliyevin bu təxribata cavabı qəti oldu: “Biz düşmənə yenidən öz yerini göstərəcəyik”. Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib. Bu gün hər bir Azərbaycan vətəndaşı dərk edir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz Azərbaycan Ordusudur. Ordumuz güclüdür və güclənməkdə də davam edəcək. Onun gücü ilk növbədə onun Ali Baş Komandanı, zabiti və əsgərindədir. "Mən bir daha demək istəyirəm ki, dünən və bu gecə düşmənə adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik"-bu sözləri Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının günün birinci yarısı keçirilən toplantısında demişdi. Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür. Məlum məsələdir ki, Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi, ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulma Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələrdə qəsqanclıq yaradır və ciddi narahat edir. Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Tovuz istiqamətində gedən döyüşlərdə əldə etdiyimiz zəfərlər növbəti zəfərlərə yol açacaq. Ali Baş Komandanın vurğuladığı kimi , müharibə hələ bitməyib. Tezliklə müzəffər qələbələrimizi ana vətənin şərəf və qürur yerinə cevirməliyik. Bunu şəhidlərimizin müqəddəs ruhu tələb edir. Allah bütün şəhidlərimnizə rəhmət etsin! Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva