Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xəbərlər
14 İyul , 2020

14 iyul - Azərbaycan xalqının həyatında mühüm tarixi əhəmiyyət kəsb edən bir gündür. Düz 51 il bundan öncə-14 iyul 1969-cu ildə xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Plenumunda respublikamızın rəhbəri seçildi. Heydər Əliyev o dövrdə Azərbaycanda milli ruhun sıxışdırılmasına yol vermədi, onu yüksəltmək üçün mövcud imkanlardan maksimum dərəcədə istifadə etmişdi. Bu baxımdan Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi milli özünüdərkin, milli özünəqaydışın başlanğıcı kimi qəbul edilir. Məhz bu dövrdən başlayaraq Heydər Əliyevin idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti geniş vüsət aldı. Milli qürur hissinin və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyası həyata keçirilməyə başladı. Bununla yanaşı Heydər Əliyev respublikada xalq təsərrüfatını və mədəni quruculuğu inkişaf etdirmək, qanunçuluğu və əmək intizamını möhkəmləndirmək, kadrların məsuliyyətini artırmaq siyasətini uğurla həyata keçirirdi. Ölkənin ictimai və iqtisadi siferasında həyata keçirilən dərin islahatlar, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsi 1976-cı ildə Heydər Əliyevin Sovet İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd seçilməsi ilə nəticələndi. Heydər Əliyevin rəhbəriyi dövründə Bakıda böyük abadlıq və quruculuq işləri aparılmış, müasir Azərbaycan memarlığının əsərləri sayılan və respublikanın siyasi və mədəni həyatında böyük rolu olan inzibati mərkəzlər, saray, institut, nəşriyyat, tədris korpusu, idman kompleksi, yaşayış binaları tikilib istifadəyə verilmişdir. Heydər Əliyevin mədəniyyətimizə, tariximizə dərin ehtiram nümayiş etdirən qayğısı sayəsində Bakı şəhərində xalqımızın görkəmli xadimlərinə əzəmətli heykəllər ucaldılmış, onların ev-muzeyləri yaradılmışdır . Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, böyük klassiklərin ittifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin ümumittifaq səviyyəsində ön mövqelərə çıxması, elmi, ədəbi, mədəni abidələrin planlı tədqiqi və nəşri Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin ideya təməlində dayanan siyasətinin əməli nəticələridir. 1982-ci ilin noyabrında Sov.İKP MK Siyasi Büro üzvü seçilən, eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilən Heydər Əliyev SSRİ kimi nəhəng bir dövlətin ali rəhbərliyinə ucalmaqla dövlət idarəçiliyi istedadı və bacarığı nümayiş etdirmişdir. Lakin Heydər Əliyev 1987-ci ilin oktyabrında Sov.İKP MK Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qarbaçovun yeritdiyi səhv xəttə, onun antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq tutduğu vəzifədən istefa vermişdir. 1991-93-cü illərdə respublikaya rəhbərlik edənlərin səriştəsizliyi nəticəsində Azərbaycanda təhlükəli vəziyyət yarananda Heydər Əliyev xalqımızın və o dövrki rəhbərliyin çağırışı ilə 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Həmin gün Azərbaycan xalqının tarixinə Qurtuluş günü kimi daxil oldu . 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndərin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, social-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq norma və prinsiplərə uğun olaraq müstəqil dövlət quruculuğu prosesi başladı. 1994-ci ilin mayında Ermənistan-Azərbaycan münaqişəsinin həllində ilkin mərhələ kimi cəbhə xəttində atəşkəs elan olundu. XX əsrin ən əhəmiyyətli hadisəsi 1994-ci ilin sentyabrında aparıcı xarici şirkətlərlə ”Əsrin müqaviləsi “ adlandırılan neft kontraktının imzalanması da məhz Heydər Əliyevin adıyla bağlıdır. 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunan ilk milli Konstitusiyamız hüquqi sahədə köklü islahatların aparılması ilə nəticələndi. Heydər Əliyevin uğurlu və məqsədyönlü xarici siyasətinin nəticəsində 2001-ci ildə Azərbycan Avropa Şurasına tamhüquqlu üzv qəbul edildi. Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri siyasi kursunun dönməzliyini və varisliyini təmin etməsi, bu siyasi kursun ən layiqli davamçısı cənab İlham Əliyevi yetirməsidir. 2003-cü ildən Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün sahələrdə ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirir, ölkəmiz yeni-yeni nailiyyətlərə imza atır. Əldə olunan bütün uğurlarımız Heydər Əliyevin ideyalarının real bəhrəsidir.