Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xəbərlər
10 İyul , 2020

Koronavirus infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə həyata keçirilən karantin rejiminə baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sosial layihələr uğurla davam etdirilir. Ölkə rəhbərliyinin çağırışına uyğun olaraq, pandemiya dövründə dövlətlə yanaşı, özəl sektorun da sosial məsuliyyət təşəbbüsləri ilə çıxış etməsi ölkəmizin dayanıqlı inkişafının və cəmiyyətimizin rifahının qorunması üçün vacibdir. Bunun növbəti nümunəsi kimi, “Kapital Bank” tərəfindən sosial məsuliyyət çərçivəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün Şirvan şəhərində 68 mənzilli yaşayış binası inşa olunub və həmin vətəndaşlara təqdim edilib. Müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı binadakı mənzillərdən 16-sı birotaqlı, 44-ü ikiotaqlı, qalanları üçotaqlıdır. Mənzillərin təqdim olunması ilə bağlı tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Hidayət Abdullayev, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, “Kapital Bank”ın rəsmisi Tural Ayvazlı iştirak ediblər. Hidayət Abdullayev çıxışında Prezident İlham Əliyevin tapşırığına əsasən, 2020-ci ildə də ölkəmizdə heç bir sosial proqramın təxirə salınmadığını, əksinə, bu proqramların uğurla davam etdirilərək, daha da genişləndirildiyini vurğulayıb. Nazir müavini bildirib ki, dövlət başçısının çağırışına uyğun olaraq bu gün ölkəmizdə özəl sektorun sosial məsuliyyət, həmrəylik prinsipinə əsaslanan fəaliyyəti getdikcə genişlənir. Məcburi köçkünlər üçün “Qobu-1”, “Qobu-2” və “Qobu-3” yaşayış komplekslərinin özəl sektorun hesabına salınması da bunun bariz nümunəsidir. “Kapital Bank” tərəfindən korporativ sosial məsuliyyət çərçivəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 4 mərtəbəli, 3 bloklu yaşayış binasının inşa etdirilməsi özəl sektorun sosial layihələrə fəal şəkildə qoşulmasının, həmçinin şəhid ailələrinin, müharibə əlillərinin rifahı üçün dövlətin apardığı ardıcıl işlərə yaxından dəstək verdiyinin növbəti uğurlu göstəricisidir. Nazir müavini bütün sosial proqramlar kimi, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminat proqramının da geniş miqyas aldığını deyib. Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 2018-ci ildə 626 ədəd, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Hazırda təqdim edilən mənzillər də daxil olmaqla, bu il artıq 370-ədək mənzilin, ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 7970 mənzil və fərdi ev verilib. Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək bildirib ki, şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, diqqət və qayğı ilə əhatə olunması ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000(on bir min) manat məbləğində birdəfəlik maddi yardımın verilməsi, vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, həmçinin bu insanların mənzil və avtomobillərlə təmin olunması dövlət tərəfindən bu kateqoriyadan olan ailələrə son illər ərazində göstərilən diqqət və qayğının əyani nümunəsidir. İlqar Abbasov qeyd edib ki, şəhid ailələri, Qarabağ əlilləri və veteranları şəhər İcra Hakimiyyəti tərəfindən daim diqqətdə saxlanılır, onların problemlərinin vaxtında həll olunmasına, bayramlarda və əlamətdar günlərdə xüsusi qayğı göstərilməsinə önəm verilir. “Kapital Bank”ın rəsmisi Tural Ayvazlı dövlət başçısının çağırışına uyğun olaraq, “Kapital Bank”ın da sosial layihələrdə fəal iştirak etdiyini vurğulayıb. Bildirib ki, “Kapital Bank” korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, işsiz və əlilliyi olan şəxslər, məcburi köçkün və aztəminatlı ailələr üçün müxtəlif tədbirlər həyata keçirir. Bu dəfəki sosial aksiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirildi və bununla da “Kapital Bank” şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan ardıcıl işlərə öz töhfəsini verdi. Mənzillə təmin olunan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri onların rifahı üçün aparılan mühüm işlərə, həmçinin mənzillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.