Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xəbərlər
23 İyun , 2020

23 iyun- Azərbaycan Respublikasında Dövlət qulluqçularının peşə bayramı günü ilə əlaqədar Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov videomüşavirə keçirdi. Müşavirədən öncə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanda ucalan abidəsini ziyarət etdi. Abidə önünə tər gül dəstəsi qoyaraq əziz xatirəsinə dərin ehtiramını ifadə etdi. Videomüşavirəni açan Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Dövlət qulluqçularını peşə bayramı günü münasibəti ilə təbrik etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli 1476 saylı Sərəncamı ilə 23 iyun gününün ölkəmizdə dövlət qulluqçularının peşə bayramı kimi təsis edildiyini qeyd etdi. Bildirdi ki, Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi Ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları ardıcıl davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb. Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. Dövlət qulluğu sahəsində dünya təcrübəsini nəzərə alan bir çox sənədlər qəbul edilərək geniş hüquqi baza yaradılıb. Bu sənədlər Azərbaycanda dövlət qulluğunun əsas istiqamətlərini əhatə edərək dövlət qulluqçularının fəaliyyəti üçün lazımı hüquqi baza, müvafiq icra və nəzarət mexanizmi formalaşdırıb. Bütün bunlar cəmiyyətdə sosial ədaləti və vətəndaşların layiqli həyat tərzini təmin etmək, demokratik təsisatları inkişaf etdirmək, elmin, mədəniyyətin və təhsilin səviyyəsini yüksəltmək üçün dövlət qulluqçuları qarşısında geniş imkanlar açıb. Ölkəmizdə dövlət qulluqçularının peşəkarlığının artırlması daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dövlət qulluqçularının hazırlanmasında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçularının peşə səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Möhtərəm Prezidentimiz sənab İlham Əliyev tərəfindən Dövlət qulluqçularına da xüsusi diqqət və qayğı göstərilir. Onlar müxtəlif orden və medallarla təltif edilir. Şəhərimizdə də dövlət qulluqçularının əməyinə yüksək qiymət verilir. Təkcə şəhər İcra Hakimiyyətində çalışan 10 nəfərdən artıq dövlət qulluqçusu son illərdə müxtəlif orden və medallarla təltif edilib. İnanıram ki, şəhər İcra Hakimiyyətində çalışan dövlət qulluqçuları bundan sonra da vətəndaşların müraciətlərinə həssaslıqla yanaşacaq, ölkə rəhbərliyinin qarşımızda qoyduğu vəzifələri uğurla həyata keçirəcək, dövlət qulluğunun səmərəliliyini daha da artıracaqlar. Sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov İcra Hakimiyyəti başçısının aparatının, sahə və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin bir qrup işçisinə dövlət qulluğunun növbəti ixtisas dərəcəsinin verildiyini və Şirvan şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbənin baş məsləhətçisi Samirə İsmayılovanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edildiyini qeyd edərək təbrik etdi. Videomüşavirədə çıxış edən dövlət qulluqçuları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər, onlara da bayram münasibəti ilə təbriklərini çatdırdılar.