Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xəbərlər
20 Yanvar , 2020

Şirvan şəhərində, 20 Yanvar faciəsində Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın üzvlərinin, hüquq mühafizə orqanlarının, əmək kollektivlərinin və şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar ümumşəhər tədbiri keçirilib. Anım tədbrində öncə həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutaraq şəhidlik zirvəsinə ucalmış mərd Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilib, şəhidlərin ruhuna dualar oxunub. Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov anım tədbirində çıxış edərək bildirib ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi birləşmələrinin Azərbaycanda törətdiyi kütləvi qırğından 30 il keçməsinə baxmayaraq xalqımız həmin faciənin ağır nəticələrini bu gün də xatırlayır. Vətənin azadlığı və suverenliyi uğrunda canından keçmiş oğul və qızlarımızın xatirəsi dərin ehtiramla yad edilir. Məhz xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda yüzlərlə insanın qətlə yetirilməsini Azərbaycan xalqına qarşı cinayət adlandıraraq hadisəyə hüquqi və siyasi qiymət verilməsini tələb edib. Yalnız Ümummilli Lider Heydər Əliyev respublika rəhbərliyinə qayıtdıqdan sonra 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edib və respublika səviyyəsində faciəyə hüquqi-siyasi qiymət verilib. İlqar Abbasov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hücum xarakterli diplomatiyası, dövlət müstəqilliyimizin güclənməsi, ölkəmizin hərtərəfli inkişafını təmin edən siyasəti, regionda və beynəlxalq aləmdə artan nüfuzu deməyə əsas verir ki, xalqımızın haqq işi, ədalətli mövqeyi tezliklə qalib gələcək, Dağlıq Qarabağ problemi həll ediləcək, işğal olunmuş torpaqlarımız azad ediləcək, xalqımızın qəhrəmanlıq səlnaməsini yazan şəhidlərimizin ruhu şad olacaqdır. Çıxış edənlər qeyd ediblər ki, 20 yanvar günü ölkəmizdə ümumxalq hüzün günü kimi qeyd edilməklə yanaşı, eyni zamanda Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə, rəşadət və qəhrəmanlıq günüdür. Çünki həmin gün öz xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər. Azərbaycanın azadlığı, suverenliyi uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində bundan sonra da əbədi yaşayacaqdır. Sonra şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən “Şəhidlər Xiyabanı”nda və “El qəbristanlığı”nda uyuyan şəhid məzarları ziyarət olunub, gül dəstələri qoyulub, şəhidlərin ruhlarına dualar oxunub, şəhid ailələri ilə görüşülərək onlara baş sağlığı verilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin.