Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xaricdə yaşayan tanınmış azərbaycanlılar
14 Oktyabr , 2015

     Tahir Salahov 1928–ci il noyabr ayının 29–da Bakı şəhərində anadan olub. 1957–ci ildə V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu rəssam–nəqqaş peşəsi üzrə bitirib.

     1960–1961–ci illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katib vəzifəsində, sonra dossent vəzifəsini yerinə yetirən müəllim peşəsində, 1963–74–cü illərdə isə M.Ə.Əliyev adına Azərbaycan Dövlət Teatr institutunda professor vəzifəsində çalışıb. Sənətkar 20 il Rəssamlıq Atelyesinə rəhbərlik edib, 1980–1992–ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəssamlıq və kompozisiya kafedrasını idarə edib.

     Çoxillik pedaqoji fəaliyyətində Azərbaycan İncəsənət İnstitutu, eləcə də V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda gənc rəssamlar yetişdirib.

     Onun yaratdığı tabloları izlədikcə bir daha əmin olursan ki, sənətkar əsərlərini kətan üzərinə həkk edərkən sadəcə göz oxşayan, cəlbedici görünüşə üstünlük vermir. Daha çox əsərinin fəlsəfə ideologiyasının tamaşaçı tərəfindən ifadə olunduğu kimi qavramasına üstünlük verir.

     Boyakarlıq sənətinin parlaq nümayəndəsi, mövzu və janr zənginliyi, bədii forma əlvanlığı və estetik kamilliyinə görə bütün zamanlarda öz fərqliliyi ilə seçilib. Təsadüfi deyildir ki, bu gün sənətkarın bacarıqlı əllərinin məhsulu olan əsərlər dünyanın mötəbər muzeylərində və qalereyalarında, şəxsi kolleksiyalarda saxlanılır.

     Sənətinə dövlət qayğısı göstərilən bu böyük sənətkar saysız–hesabsız mükafatlar alıb. Fırça ustası Sovet İttifaqının ən yüksək təltifləri və ordenlərinə layiq görülüb, Sosialist Əməyi Qəhrəmanı adını alıb. Rusiyanın "Vətən qarşısında xidmətlərinə görə" ikinci və üçüncü dərəcəli ordenlərinə, müstəqil vətənimiz Azərbaycanın ali mükafatı olan "İstiqlal" ordeninə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə, müxtəlif medallara və mükafatlara layiq görülüb.

     Mahir fırça ustasını öz sıralarında görmək arzusunda olanlar da az olmayıb. Belə ki, həmyerlimiz Rusiyanın və MDB–nin bir çox ölkələrinin rəssamlıq akademiyaları ilə bahəm, Madriddəki San–Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvüdür.

     Bundan başqa, Ölməzlər Akademiyası adlanan Fransa Zərif Sənətlər Akademiyasına SSRİ–dən cəmi üç nəfər üzv seçilib ki, onlardan biri də həmyerlimiz Tahir Salahovdur. O, həm də Amerika Birləşmiş Ştatlarının bir neçə şəhərinin və Montana ştatının fəxri vətəndaşıdır.

     Moskvada yaşayan sənətkar Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin ən fəal məzunlarından biri olub. Təxminən 50 il öncə sənətkarın Ümumittifaq Rəssamlıq Sərgisində nümayiş etdirilən iki əsəri – "Bəstəkar Qara Qarayevin portreti" və "Təmirçilər" zamanında yüksək dəyərini alıb.

    Sənətkarın fırçasının məhsulları olan "Səhər eşelonu" və "Rezervuar parkı" adlı sənaye peyzajları, "Abşeron qadınları" və "Aydan" tabloları, əsrin taleyinə görə məsuliyyət daşıyan insanın fəlsəfi portreti adlandırılan bəstəkar Dmitri Şostakoviçin, şair Rəsul Rzanın, bəstəkar Fikrət Əmirovun portretləri də istər peşəkarlar, istərsə də sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb. "Köhnə Bakı", "Səhər ovu", "Nardaran qarpızları", eləcə də Abşeron triptixi – "Atəşgah", "Xəzər bu gün" və "Qız qalası" əsərləri rəssamın doğma diyara həsr etdiyi əsərlərdəndir.

     Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il noyabrın 27-də Tahir Salahova "Heydər Əliyev" ordenini təqdim etmişdir.

    8 iyul 2011-ci il tarixində Tahir Salahov Avropa Elm və İncəsənət Akademiyasının incəsənət bölməsi üzrə həqiqi üzvü seçilib.