Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xaricdə yaşayan tanınmış azərbaycanlılar
14 Oktyabr , 2015

     Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, general-leytenant Kərim Kərimov bütün həyatını sovet kosmonavtikasına, kosmosa və raket texnikasına həsr etmişdi. Sovet kosmik elmini azərbaycanlı general Kərim Kərimovsuz təsəvvür etmək çox çətindir. 50 il ərzində sovet kosmik aparatlarının və raket texnikasının yaradılması ilə məşğul olmuş Kərim Kərimov bu sahənin pionerlərindən hesab olunur. Kərim Kərimovun raket texnikası sahəsində işləri hələ "soyuq müharibə" dönəmində Amerika tərəfdə də ciddi maraq doğururdu. General Dövlət Komissiyasının sədri kimi öz həyatında Yuri Qaqarinin kosmosu fəthi, Makarovun faciəli ölümü kimi hadisələri yaşamışdı...  Həyatının son günlərinə qədər sovet və Rusiya kosmik gəmilərinin uçuşları ilə bağlı ən problemli məsələlər onun yaxından iştirakı ilə həll olunub.   O, öz əməyinin bəhrəsini görməyi sevərdi. Bütövlükdə isə onun bütün həyatı işə tabe idi.  Generalın sonadək Vətənə sədaqət nümunəsi olan həyatı olduqca gözəl və təəccüb doğuracaq dərəcədə maraqlıdır.

     Kərim Kərimov  1917-ci il noyabrın 14-də Bakıda neftçi-texnoloq Abbasəli Kərimovun ailəsində dünyaya göz açıb. Onun atası Sankt-Peterburq Texnologiya İnstitutunu bitirərək Bakıya dönüb və Sürəyya xanımla ailə qurub. Yüksək ixtisaslı neftçi-mühəndis olan Abbasəli tezliklə öz karyerasında irəliləyib.

     1942-ci ildə ali məktəbi bitirən K.Kərimov döyüşən orduya yox, artilleriya akademiyasına göndərilir.  K.Kərimov sonuncu kursa qəbul olunur. Bir il sonra akademiyanın rəhbərliyi kursantların təhsil müddətini bir il uzadır. 1943-cü ildə K.Kərimov minaların istehsalı üzrə diplom işini "əla" qiymətlərlə müdafiə edir.Və texnik-leytenant rütbəsində o, Baş İdarənin sərəncamına göndərilir.

     Əfsanəvi şəxsiyyət, sovet kosmik proqramlarının əsas yaradıcılarından biri, general Kərim Kərimovun bütün həyatı kosmosla bağlı olub. 1966-cı ildən 1991-ci ilə kimi Baykonurdan kosmonavtların uçuşlarına şəxsən xeyir-dua vermiş və onları qarşılamışdır. Kosmonavtlar məhz ona tapşırıqların yerinə yetirilməsi barədə məruzə etmişlər, lakin televiziya verilişlərində, kinoxronikalarda biz onun üzünü görməmişdik. Yalnız 1987-ci ildən sonra Moskvada nəşr olunan "Pravda" və "Sovetskaya Rossiya" qəzetləri general K.Kərimovun şəxsiyyəti barədə ictimaiyyətə açıqlama vermişdi.  Kərim Kərimov özü məxfilik şəraitində fəaliyyətini belə şərh etmişdi: "Özümü çox pis hiss edirdim. Mən hətta məşğul olduğum işin adını belə söyləyə bilməzdim. Lap gülünc idi. Makinaçı mətni yığırdı, mətndəki "reaktiv" sözünü isə buraxırdı, bu sözü sonradan qələmlə mətnə daxil edirdilər. Çox vaxt lazım olan sənədi əldə etmək üçün nə qədər səy göstərmək tələb olunurdu! Mən hətta bu barədə sakitliklə də danışa bilmirəm. Əminəm ki, bizim məxfilik sistemimiz texnika sahəsində ABŞ-dan geridə qalmağımızın əsas faktorlarından biri idi" ("Novaya qazeta").

     1991-ci ildə istefaya çıxan Kərim Kərimov ömrünün sonunadək kosmik sahə ilə əlaqəsini kəsməmiş, Uçuşları İdarəetmə Mərkəzinin məsləhətçisi olmuşdur. İstehsalat-təşkilat və elmi fəaliyyətinə görə general-leytenant Kərim Kərimov Sovet İttifaqı Qəhrəmanı fəxri adına, iki dəfə Lenin ordeninə, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenlərinə layiq görülmüş və çoxlu medalla təltif olunmuşdur. Kərim Kərimov 2 dəfə dövlət mükafatı almışdır. O həmçinin Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilmiş, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir. General-leytenant Kərim Kərimov 2003-cü ildə Moskva şəhərində vəfat etmiş və orada da dəfn olunmuşdur.

     Moskvada azərbaycanlıların da təhsil aldığı 157 nömrəli orta ümumtəhsil məktəbinə əfsanəvi generalın adı verilib.