Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xaricdə yaşayan tanınmış azərbaycanlılar
14 Oktyabr , 2015

Lütfi Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakıda anadan olub.

Atası Rəhim Ələsgərzadə Güney Azərbaycanın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci Dünya müharibəsi illərində Ərdəbildən Bakıya üz tutan Ələsgərzadələr nəslinin davamçısı olan Rəhim burda kommersiya ilə məşğul olmaq qərarına gəlib.

İranda dostları və qohumları vasitəsilə külli miqdarda kibrit alan Rəhim onu Bakıya gətirib burda satışını təşkil etməklə özünə yaxşı güzəran düzəldib. Biznes fəaliyyəti ilə yanaşı indiki Bakı Dövlət Universitetində şərqşünaslıq ixtisası üzrə təhsil alıb və İranda həftəlik qəzetlərin Bakı nümayəndəsi kimi də çalışıb.

Bakı şəhərində gələcək həyat yoldaşı Fanni ilə tanış olan Rəhim Ələsgərzadə valideynlərinin razılığı ilə toy edib və fevralın 4-də ilk övladları – Lütfi dünyaya gəlib. Lütfi 10 il Bakıda 16 saylı məktəbdə təhsil alıb.

Anası Lütfi ilə bağlı müsahibələrinin birində deyib: «Lütfinin 5 yaşı tamam olan gün qohum-əqrəbamız gələrək onu təbrik etmək istəyirdi. Lakin o bütün qonaqların ona görə gəlməsini sanki görmür, küncə çəkilərək kitab oxumaqda davam edirdi. Onun otağında iki mindən çox kitab var idi ki, onların da əksəriyyəti rus dilində idi. Lütfinin 12 yaşı olanda isə onun otağının qapısı üzərində «TƏK» (bu onu oxuyan zaman narahat edilməməyi üçün idi) yazılmışdı».

1932-ci ildə sovet hakimiyyəti İran vətəndaşları olan azərbaycanlılarla bağlı yeni qərar qəbul edir. Bu qərara görə, onlar iki yoldan birini seçməliydilər: ya sovet Azərbaycanında qalıb buranın vətəndaşlığını qəbul etməli, ya da ölkəni dərhal tərk edib getməliydilər. Ələsgərzadələr ailəsi İrana qayıtmaq qərarına gəlir.

Gənc Lütfı əvvəlcə Tehrandakı Amerika kollecində (Albroz kolleci) oxuyub, sonra isə Tehran Universitetində elektrotexnika ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnib. 1944-cü ildə ABŞ-a köçüb və təhsilini davam etdirmək məqsədilə Massaçusets Texnologiya İnstitutuna ərizə verib. İki il sonra, 1946-cı ildə həmin universiteti elektrotexnika ixtisası üzrə magistr kimi bitirib. Çox keçməyib ki, o, Kolumbiya Universitetində müəllimliyə başlayıb və 1949-cu ildə doktorluq elmi dərəcəsi alıb. Gənc tədqiqatçı az vaxtda assisentlikdən (1950-ci il) professorluğa (1957-ci il) yüksəlib.

Lütfi Zadənin ilk diqqətəlayiq işi qeyri-səlis stasionar zəncirlərin tezlik analizi məsələlərinə həsr olunub. Məhz bu iş onu beynəlxalq aləmdə tanıdır. 1950-ci ildə Lütfi Zadə Ç.Raqassini ilə birlikdə nəticəni qabaqcadan bildirən Viner nəzəriyyəsinin maraqlı ümumiləşməsini təklif edib. 1952-ci ildə yenə Ç.Raqassini ilə birlikdə diskret sistemlər üçün Z-çevrilmələr metodunu işləyib. 1959-cu ildə Lütfi Kaliforniyaya köçüb və Berklidəki Kaliforniya Universitetində elektrotexnika kafedrasında işləməyə başlayıb. Bu zaman onun elmi maraqları xətti sistemlər və avtomatik idarəetmə nəzəriyyəsinə yönəlib. 1963-cü ildə o, Çarlz Dezoirlə birlikdə «Xətti sistemlər nəzəriyyəsi» (fəza vəziyyətləri metodu) kitabını nəşr etdirib.

Artıq 1960-cı illərin ortalarında Lütfi Zadə sistemlər nəzəriyyəsi, avtomatik idarəetmə nəzəriyyələri və onların tətbiqi sahəsində ən tanınmış mütəxəssislərdən sayılırdı. Məhz bu illərdə, daha dəqiq desək, 1965-ci ildə Kaliforniya Universitetinin elektrotexnika kafedrasının müdiri vəzifəsində çalışan 44 yaşlı Lütfi Zadə «Information and Control» jurnalında əsas əsərlərindən birini - qeyri-səlis çoxluqlara aid məqaləsini çap etdirib. Böyük tarixi əhəmiyyətə malik bu iş bütün dünyada böyük rezonans doğurub, elmdə yeni bir istiqamətə təkan verib. Alimin elmi araşdırmalarının əsasında belə bir fikir durur ki, təbii dilə əsaslanan real insan mühakimələri ənənəvi riyazi formalizmlər çərçivəsində verilə bilməz. O zamanlar Lütfi Zadənin novator ideyaları müxtəlif elmi dairələrdə, xüsusilə «xalis riyaziyyatçılar» arasında ehtiyatla, bəzi hallarda isə soyuq qarşılanıb.

Bununla belə, qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq nəzəriyyəsi tətbiqi riyaziyyatla məşğul olanları yavaş-yavaş özünə cəlb edib. Son 20 ildə onun nəzəriyyəsi ən müxtəlif sahələrdə tətbiqini tapıb: məişət texnikasından tutmuş (qeyri-səlis məntiqli tozsoranlar, paltaryuyanlar) mürəkkəb texnoloji proseslərin (domna sobaları, atom enerji blokları) tətbiqinə qədər. Bu sırada dinamik obyektlərin (metro qatarları, avtomobillər, vertolyotlar, robotlar və s.) idarə olunmasında qeyri-səlis idarəetmə modelinin tətbiqini xüsusi qeyd etmək lazımdır. Bu gün qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq nəzəriyyəsi artıq bütün dünya tərəfindən tanınıb.

Berklidəki daimi işindən başqa Lütfi Zadə uzun illər Massaçusets Texnologiya İnstitutunda (1963-1968-ci illər), San-Xosedəki IBM korporasiyasının elmi-tədqiqat laboratoriyasında (1968, 1971, 1974 və 1977-ci illər), Stanford Universitetində (1987-ci il) çalışıb. O, Fransa, İngiltərə, Kanada, Yaponiya, Çin, İtalıya, İspaniya, İsveç, İsveçrə, Avstriya, Rumıniya, Macarıstan, Yuqoslaviya, Hindistan, Səudiyyə Ərəbistanı və s. ölkələrdə mühazirələrlə çıxış edib. Lütfi Zadə orijinal elmi ideyalar irəli sürən və yeni elmi istiqamətləri müəyyən edən nadir alimlərdəndir.

Onun, demək olar ki, hər bir əsəri elm aləmində hadisəyə çevrilib. Hələ 1970-ci illərdə yazdığı əsərlərdə irəli sürülən qeyri-səlis məntiq əsasında idarəetmə ideyaları müəyyənləşib və bunlar sonralar qeyri-səlis tənzimləyicilər texnologiyasına tətbiq edilib.

Hazırda Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, dünya elmində inqilab sayılan qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsi aparıcı dünya şirkətlərinə inanılmaz məbləğdə gəlir gətirib. Bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanıb. Amerika elmi ictimaiyyəti bu nəzəriyyəni uzun müddət qəbul etməsə də, ötən əsrin 80-ci illərində yapon alimlərinin diqqətini cəlb edib və yaponlar ondan yararlanmaq qərarına gəliblər. Lütfi Zadə nəzəriyyəsinin tətbiqi gündoğar ölkəyə milyardlar qazandırıb. Bu gün Yaponiyanın «Mitsubishi», «Toshiba», «Sony», «Canon», «Sanyo», «Nissan», «Honda» və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto ve videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.

Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyada elm adamlarına verilən ən yüksək mükafat – «Honda» mükafatı ilə təltif olunub. Amerikalılar da, gec də olsa, Lütfi Zadə nəzəriyyəsindən yararlanmağa başlayıblar. Bu gün onun nəzəriyyəsini Amerikanın «General Motors», «General Electric», «Motorola», «Dupont», «Kodak» və başqa şirkətləri geniş tətbiq edir.

Lütfi Zadə eyni zamanda «Təəssüratlar nəzəriyyəsi», «Sistemlər nəzəriyyəsi», «Sözlə işləyən kompüter nəzəriyyəsi», «Optimal süzgəclər nəzəriyyəsi» kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynamış elmi kəşflərin müəllifidir.

Lütfi Zadə hazırda Berkli Universitetinin elektronika kafedrasının müdiridir. O bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Berkli şəhərində həmçinin İnformasiya Texnologiyası üzrə Zadə İnstitutu (ZIFIT) yaradılıb.

Lütfi Zadənin elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmənin, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş bir elmi nəzəriyyədir.

Alimin məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir.

Qeyri-səlis məntiq nəzəriyyəsi riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb.

Lütfi Zadənin «Soft Computing» nəzəriyyəsi qeyri-səlis məntiq, süni neyron şəbəkələri, genetik alqoritmlər, xaos nəzəriyyəsi və ehtimal nəticəçıxarma paradiqmalarının intellektual kombinasiyalarını özündə əks etdirərək yeni texnologiyaların əsasını təşkil edir. Alimin sözlə işləyən kompüterlər nəzəriyyəsi əsasında işləyən kompüterlərdə informasiyanın qranulyasiyası kimi sözlər, cümlələr istifadə olunur. Bu tip kompüterlər təxmini məntiqi nəticə çıxarma qabiliyyətinə malik olan və təəssürat əsasında informasiyanı işləyə bilən insan beyninə yaxın bir texniki modeldir.

Təəssürat nəzəriyyəsi dəqiq ölçmə aparmadan ətraf aləm haqqında tez və dolğun informasiya almaq üsullarını verir. Bu nəzəriyyənin məqsədi insanda mövcuda oxşar süni təəssürat sistemini yaratmağın prinsip və üsullarını verməkdir. Ümumiyyətlə, Lütfi Zadənin qeyri-səlis məntiqini obrazlı şəkildə belə izah etmək olar: Aristotel məntiqi ilə mühakimə yürüdən beyin dünyanı yalnız ağ və ya qara rəngdə qavrayır, Zadə məntiqi isə dünyanı bütün çalarları ilə qavramağa imkan verir. Çünki Aristotel məntiqi ikili (binar) məntiqdir, Zadə məntiqi çoxmənalı (kəsilməz qiymətli) məntiqdir. Aristotelə görə, bir müddəa ya doğru, ya da yalan ola bilər. Zadəyə görə, hər bir müddəanın doğruluq dərəcəsi doğru və ya yalan arasında (yaxud sıfırla bir arasında) kəsilməz qiymətlər alır.

Zadə məntiqində real həyatı daha dürüst əks etmək qabiliyyəti var, bu məntiqdə tolerantlıq daha çoxdur. Aristotel məntiqinə görə, bir adam ya dostdur, ya düşmən, Zadə məntiqinə görə, dostla düşmən münasibətləri arasında sonsuz sayda münasibət dərəcəsi var (məsələn, neytral, çox yaxın dost və s.).

Professor Albert Eynşteyn fizikada inqilab etdi, klassik mexanika ilə kvant mexanikasının sərhədini göstərdi. Lütfi Zadə alternativ riyaziyyat (qeyri-səlis riyaziyyat) yaratdı. Elmin dili, qeyri-müəyyənlik ölçüsü dəyişdiyindən qeyri-səlis fizika, qeyri-səlis kimya, qeyri-səlis riyaziyyat və başqa qeyri-səlis elmlər yarandı.

Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilib.

Lütfi Rəhim oğlu Ələsgərzadə bir çox xarici ölkə akademiyalarının üzvüdür. Çoxlu mötəbər cəmiyyətin və fondun mükafatına layiq görülüb, medallarla təltif edilib. Onlarla xarici dövlət və ictimai təşkilatın fəxri doktorudur.