Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xaricdə yaşayan tanınmış azərbaycanlılar
14 Oktyabr , 2015

Məsud Əfəndiyev — (alm. Messoud Efendiev, d.21 oktyabr 1953-cü il, Zaqatala, Azərbaycan SSR) — Almaniyada yaşayan azərbaycanlı riyazıyyatçı, professor. Humboldt mükafatı alan ilk azərbaycanlı

1970-ci ildə Zaqatala şəhərindəki Şıxəli Qurbanov adına məktəbi qızıl medalla bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə qəbul olub. İki il oxuduqdan sonra Məsud Əfəndiyev təhsilini M.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib, aspirantura, doktorantura pilləsinə qalxaraq, uğurla namizədlik, sonra isə doktorluq dissertasiyalarını müdafiə edib.

1994-cü ildən Almaniyada yaşayan alim, ölkənin müxtəlif universitetlərində, o cümlədən Münhen, Ştutqart, Berlin universitetlərində dərs deyib. Hazırda H.Helmholts adına Münhen Elmi-Tədqiqat Mərkəzində «Dinamik sistemlər» şöbəsinin müdiridir.

2005-ci ildə Yaponiyanın nüfuzlu «Japan Society for the Promotion of Scionce - JSPS» təşkilatının mükafatına layiq görülüb. M.Əfəndiyev postsovet məkanında dünyanın altı aparıcı elmi jurnalının redaksiya heyətinin üzvü olan yeganə riyaziyyatçı alimdir. Dünya elmində ən yüksək təltiflərdən («kiçik Nobel mükafatı») sayılan, Almaniya hökumətinin təsis etdiyi “Aleksander fon Humboldt” mükafatının ilk azərbaycanlı laureatı kimi tarixə düşüb.

Fərman Qurban oğlu Salmanov

Məşhur alim-geoloq Fərman Qurban oğlu Salmanov 28 iyul 1928-ciildə Şəmkir rayonunun Morlu kəndində anadan olmuşdur. Doğma kəndlərində orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Neft Akademiyası) daxil olmuşdur.Oranı 1954-cü ildə uğurla bitirmiş, elə həmin il Novosibirsk geologiya idarəsində geoloq kimi əmək fəaliyyətinə başlamışdır.

Geoloq alim, ictimai xadim, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiysının ( REA) müxbir üzvü, Lenin mükafatı laureatı, Sosialist Əmək Qəhrəmanıdır.

F. Salmanov 1954-59-cu illərdə Novosibirsk geologiya idarəsində geoloq, baş geoloq, neft-kəşfiyyat ekspedisiyasının rəisi, 1959-62-ci illərdə Surqut Neft-kəşfiyyat ekspedisiyasının rəisi, 1969-70-ci illərdə Tümen Baş geologiya idarəsinin baş geoloqu, 1978-ci ildən bu baş idarənin rəisi olur. 80-ci ilin sonu 90-cı illərin əvvəlində F. Q. Salmanov SSRİ Geologiya Nazirinin birinci müavini işləyir. Onun rəhbərliyi altında Surqutda, Salımskda, Pravdinskda, Mamontovskda, Somotlorda, Urenqoyda, Qərbi Sibirin başqa yerlərində 20 Neft və Qaz yatağı aşkar edilmişdir. F. Q. Salmanov neft və qaz Geologiyası məsələləri ilə bağlı bir sıra elmi işlərin müəllifidir. Habelə "Neft və Qaz yataqlarının formalaşma şəraiti və paylanma qanunauyğunluğu", "Qərbi Sibir Neft və Qazının Geologiyası", "Böyük Neft və Qaz yataqlarının yer qabağında paylanma qanunauyğunluğu", "Axtarışın sürətləndirilməsi" onun fundamental əsərləridir.