Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xaricdə yaşayan tanınmış azərbaycanlılar
14 Oktyabr , 2015

     80-ci illərin sonuna kimi Bakının neft milyonçuları Musa Nağıyev və Şəmsi Əsədullayevin nəvəsi Ümmülbanu (Banin) Fransız yazıçısı kimi tanınırdı. Bir azərbaycanlı kimi Ümmülbanunu ictimai-siyasi quruluşun dəyişməsi, aşkarlıq və demokratiya əslən tanıtdı.

     Onun avtobioqrafiyası ilə tanışlıq göstərir ki, ziddiyyətli və mürəkkəb bir dövrdə yaşamış, həyatı da ziddiyyətlər burulğanında keçmiş yazıçının cəmiyyətə, dövrə, quruluşa, ailəyə, ayrı-ayrı fərdlərə münasibəti birmənalı olmamışdır. Körpə ikən anasını itirmiş, avropalı dayə fröyleyn Anna onun təlim - tərbiyəsi ilə ciddi məşğul olmuş, bir sıra avropa dillərini öyrənə bilmişdir.

      1946-cı ildə dərc olunan "Qafqaz günləri" kitabı Baninə müvəffəqiyyət qazandırır. Kitab işıq üzü gördükdən sonra Andre Marlo, İvan Bunin, Mikos Kazaçakis, Anri Monterlen, Ernst Yünger və başqaları Baninə riqqətli məktublar yazırlar. "Qafqaz günləri" adlı tərcümeyi-hal xarakterli romanı onun 15 illik uşaq dünyagörüşünün məhsulu olub, "Qafqaz günləri" romanı Azərbaycanın ziddiyyətlərlə dolu olan tarixindən bəhs edir. Ümmülbanu milyonçu qızı olsa da, o mühitin iyrəncliklərini, mənfiliklərini ciddi tənqid edirdi. Çox maraqlıdır ki, tanıdığı bütün insanların görkəmi, davranışı, xasiyyət və xarakteri haqqında ətraflı və obyektiv məlumat venrirdi.

      İki dünya müharibəsinin iştirakçısı, alman yazıçısı və filosofu Ernst Yüngerlə Baninin dostluğu yarım əsrdən çox davam edib. Banin Yüngerə bir neçə kitab həsr edib. Onlar 1943-cü ildə – Baninin Azərbaycanda sosial düzümün faciəsini özündə əks etdirən "Bizimlə" romanı işıq üzü gördükdən sonra tanış olublar. Romanın təəssüratı altında olan Yünger Baninə zəng vurur, özünü təqdim edir, növbəti gün isə cazibədar azərbaycanlı yazıçı ilə tanış olmaq üçün onun evinə görüşə gedir. Baninə şöhrət gətirən "Qafqaz günləri" kitabından sonra onun "Paris günləri" (1947), "Ernst Yüngerlə görüş" (1951), "Mən opiumu seçdim" (1959), "Sonra" (1961), "Xarici Fransa" (1968), "Sonuncu ümidin zovu" (1971), "Ernst Yüngerin portreti" (1971), "Ernst Yünger müxtəlif sifətlərdə" (1989) romanları, "İvan Buninin son höcəti" sənədli povesti geniş oxucu kütləsi qazanır. Baninin sonuncu dərc olunmuş kitabı – "Məryəmin mənə danışdığı" romanı 1991-ci ildə ölümündən 1 il əvvəl işıq üzü görüb.

      Bu əsərlər Fransa oxucuları tərəfindən rəğbətlə qarşılandı. Yad mühitdə, yad həyat tərzində, mühacir taleyi yaşadı. Dövrün bütün çətinliklərinə sinə gərdi.