Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xəbərlər
28 İyul , 2022

28.07.2022-ci il tarixdə Şirvan şəhərində şəhid anaları ilə görüş keçirilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun şəhid anaları ilə  keçirdiyi görüşə Salyan rayonundan gələn bir qrup şəhid anaları da qatılıb. Görüşdə Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov, Şirvan Şəhər Polis şöbəsinin rəisi Fizuli Əhmədov, YAP şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin şəhər şöbəsinin rəisi İlkin Məmmədov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının müavinləri, Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri və məsul əməkdaşları, şəhid valideynləri və din xadimləri iştirak edib. Tədbirdən öncə şəhər qəbirstanlığında uyuyan şəhid məzarları, Şirvan şəhərindən olan Milli Qəhrəmanların büstləri və Şirvan Şəhidlər Xiyabanında şəhid məzarları  ziyarət edilib. Şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksi önünə gül cələngləri və tər qərənfillər qoyulub, şəhidlərin ruhuna dualar edilib.

Sonra keçirilən görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarını və şəhid analarını salamlayıb. Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və torpaqların işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Şəhər İcra Hakimiyyətinin başçısı belə qəhrəman övladlar yetişdirən şəhid analarına təşəkkürünü və minnətdarlığını bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vətən müharibəsindən öncəki çıxışlarında münaqişənin sülh yolu ilə həll edilmədiyi təqdirdə digər vasitələrlə həll ediləcəyinə olan inamından, dövlət başçısının və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevayanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Azərbaycan həqiqətlərinin və reallıqlarının  dünyaya çatdırılmasına xidmət edən  fəaliyyətlərinin mühüm məqamlarından danışıb. Azərbaycan Respublikasının Prezidenti, Qalib  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin erməni təxribatlarına və təcavüzünə qarşı 27 sentyabr 2020-ci il tarixdən başlayan və 44 gün davam edən Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqdan, sıldırım qayaları keçərək Şuşanı azad etmələrindən, dövlət başçısının dünyanın ən nüfuzlu 30-dan artıq televiziya kanallarına verdiyi müsahibələrdən, qərəzli mövqe ilə fərqlənən dövlət başçıları və beynəlxalq qurumları susdurmasından, hazırda işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq, quruculuq işlərindən, yol və digər infrastruktur layihələrin uğurla həyata keçirilməsindən, dünyada analoqu olmayan “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin icra edilməsindən, “Ağıllı kənd” layihəsi çərçivəsində  Zəngilan rayonun Ağalı kəndinin  yenidən qurulmasından, kəndə köçürülən sakinlərin yaşadıqları sevinc və qürur hissindən bəhs edib. İşğaldan azad edilmiş digər ərazilərin də tezliklə yenidən qurulacağına və sakinlərinin doğma yurd-yuvalarına qayıdacaqlarına inamını ifadə edib. Ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Bu qayğının yerlərdə də, o cümlədən Şirvan şəhərində də davam etdiyini bildirib. Respublikamızda ilk dəfə olaraq  Şirvan şəhərinin mərkəzində quraşdırılan monitorda Şirvan şəhərindən olan şəhidlərin fotoşəkillərinin, barələrində məlumatların  mütəmadi təbliğ edildiyini, Şirvan Şəhidlər Xiyabanında şəhid anaları şərəfinə “Şəhid Anası” memorial abidə kompleksinin ucaldıldığını, əsaslı təmir edilən M.Füzuli adına Mədəniyyət və İstirahət parkında qəhrəman əsgər və zabitlərimiz şərəfinə “Zəfər” abidəsinin qoyulduğunu, qələbəmizin şərəfinə  “Zəfər” və “Qarabağ” xiyabanının salındığını, order və medallara layiq görülən Şirvan şəhidlərinin adlarının küçələrə və məktəblərə verilməsi istiqamətində  görülən işləri  qeyd edib. Şəhid ailələrinə və qazilərə dövlət qayğısının bundan sonra da davam etdirilcəyinə inamını ifadə edib. Şəhidlərə Allahdan rəhmət, qazilərə şəfa diləyib.

Tədbirdə Milli Məclisin deputaı İltizam Yusifov, Şirvan Apellyasiya Məhkəhməsinin sədri Vəli Abdullayev, YAP şəhər təşkilatının sədri Zahir Qəhrəmanov çıxış edərək həyata keçirilən dövlət siyasətinin mühüm məqamlarından, əldə olunan uğurlardan, şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində göstərilən qayğıdan danışıb, şəhid analarına belə qəhrəman övladlar böyütdükləri üçün minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Şirvan şəhərindən və Salyan rayonundan olan şəhid ailələrinin nümayəndələri çıxış edərək şəhidlərə verilən yüksək qiymətə, şəhid ailələrinə və qazilərə  göstərilən diqqət və qayğıya görə, Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.

Sonda ehsan süfrəsi açılıb,  şəhidlərin ruhuna dualar edilib.

 

                                                                                                                                     Mətbuat xidməti