Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xəbərlər
26 İyul , 2022
26.07.2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şirvan şəhəri, 21 nömrəli tam orta məktəbdə ərazidə yaşayan şəhid ailələri, Qarabağ əlilləri və sakinlərlə səyyar qəbul-görüş keçirib. Görüşdə  Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının müavinləri, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərləri iştirak edib. Öncə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görüş iştirakçılarını salamlayıb. Sonra Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və torpaqların işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yerlərdə səyyar qəbul-görüşlərin keçirildiyini bildirib. Lakin koronavirus infeksiyasının geniş yayıldığı pandemiya dövründə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Operativ Qərargahının qərarı ilə fərdi və kollektiv formada qəbulların, görüşlərin müvəqqəti dayandırıldığını, lakin bu ilin mart ayından xüsusi karantin rejiminin qaydalarının yumşaldılmasından sonra yenidən belə səyyar qəbul-görüşlərin keçirilməsinə icazə verildiyini qeyd edib. Görüş iştirakçılarını və onların simasında Şirvan şəhər ictimaiyyətini işğaldan azad olunan torpaqlara Böyük qayıdışın başlanması münasibətilə təbrik edib. “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələri çərçivəsində işğaldan azad edilən ərazilərdə aparılan geniş abadlıq, quruculuq işlərindən, yeni infrastruktur layihələrin uğurla həyata keçirilməsindən danışıb. Zəngilan rayonunun yenidən qurulan Ağalı kəndində insanlar üçün yaradılan şəraitin, yeni tikilən fərdi evlərin sakinlərin həmin evlərə köçürülməsinin yaratdığı  sevinc, fərəh və qürur hissindən  bəhs edib. Erməni işğalından azad edilən tarixi torpaqlarımızda aparılan genişmiqyaslı abadlıq, quruculuq işlərinin, infrastruktur layihələrinin tezliklə başa çatacağına  və əvvəllər  həmin ərazidə yaşamış soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdacaqlarına əminlik ifadə edib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov xalqımızın bundan sonra da Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan  cənab İlham Əliyevin “Dəmir yumruğu”nda birliyinin önəmindən, dövlət başçısının və  Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevayanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın məqsədyönlü fəaliyyətlərinin mühüm məqamlarından, Azərbaycan həqiqətlərinin dünyaya çatdırmalarından danışıb. Dövlət səviyyəsində şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. Şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də geniş abadlıq-quruculuq işlərinin aparıldığını, küçələrin işıqlandırıldığını, su təchizatı və kanalizasiya sisteminin yenidən qurulduğunu, sosial layihələrin uğurla həyata keçirildiyini, ölkədə ilk dəfə Şirvan şəhərində şəhid analarının şərəfinə “Şəhid Anası” memorial abidə kompleksinin ucaldığını, şəhərin mərkəzi meydanında quraşdırılmış monitorda I və II Qarabağ müharibəsində qəhrəmancasına həlak olan şəhidlərin fotoşəkillərinin və barələrində məlumatların mütəmadi təbliğ edildiyini qeyd edib. Dövlət səviyyəsində görülən işlərin, atılan addımların vətəndaş məmnunluğunun artmasına, əhalinin sosial rifah halının yaxşılaşmasına  xidmət etdiyini bildirib. Sonra sakinlərin müraciət və problemləri dinlənilib, qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması vaxt tələb edən məsələlərlə bağlı müvafiq göstərişlər verilib. Sakinlər qəbuldan razı qalıb, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.