Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
20 İyul , 2022

Bu gün - 20 İyul 2022- ci il tarixində Şirvan şəhər Mərkəzi Kitabxanasının əməkdaşları Şirvan şəhər şəhidi Hümbətov Emil Tərlan oğlunun valideynlərini ziyarət etmişdir.
Sevinc xanımın şəhid anasına layiq təmkin və qüruru qarşısında fəxarət hissi yaşadıq.
Vətən uğrunda şəhid olan Emil Hümbətovun xatirəsi əbədi yaşayacaqdır.
Emilin otağında olanda mənə elə gəldi ki, hər əşya ondan danışırdı, sanki indi çıxıb gedib harasa, tezliklə qayıdacaq..
30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın azad edilməsi uğrunda sentyabrın 27-dən başlayan Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın yağı düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda Şəhidlik zirvəsinə yüksələn Vətən övladları bu müqəddəs savaşın əbədiyaşar qəhrəmanlarıdır. Xalqımızın belə mərd, dəyanətli və cəsur oğullarından biri də Şirvan şəhidi Hümbətov Emil Tərlan oğludur.
Emil Tərlan oğlu Hümbətov 30 oktyabr 1992-ci ildə Şirvan şəhərində anadan olub. 1999-cu ildə Nofəl Quliyev adına Şirvan şəhər 9 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2008-ci ildə orta təhsilini peşə təhsili ilə davam etdirib. 2010-cu ildə Şirvan Peşə liseyini bitirən Emil Hümbətov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb, Daşkəsən rayonu N saylı hərbi hissədə xidmət edib. 2012-ci ildə General-mayor Polad Həşimovun rəhbərliyi ilə hərbi xidmətini ləyaqətlə başa vurduqdan sonra bir müddət Şirvan şəhərində işləyir. 2016-cı ildə işləmək üçün Türkiyə Respublikasına gedən Emil 4 ildən sonra 2020-ci ildə Vətəninə, ailəsinin yanına qayıdır. Məsuliyyətli, işgüzar, bacarıqlı olması sayəsində tezliklə Hacıqabul rayonu Atbulaq qəsəbəsində yerləşən MMC-də işə başlayır. 2020-ci ilin iyul ayında Tovuz rayonu istiqamətndə baş verən şiddətli döyüşlərdə genaral-mayor Polad Həşimovun şəhid olması xəbərindən sarsılan Emil könüllü olaraq Vətəni qorumağa hazır olduğu haqqında Hərbi Komissarlığa müraciət edir. Sentyabrın 21-də Vətəni qorumaq üçün cəbhəyə yollanır, topçu və manqa başçısı kimi xidmət göstərir. Vətən müharibəsinin 15-ci günündə, 11 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhrəmanacasına şəhid olur. Emil Hümbətov 12 oktyabr 2020-ci il tarixdə Şirvan şəhər Şəhidlər Xiyabanında izdihamla dəfn edilir. Ruhu göylərə, nəşi isə canı, qanı bahasına qoruduğu, uğrunda öldüyü Vətən torpağına qovuşur.
Emil ailənin tək oğlu idi. Subay idi. Atası Tərlan, anası Sevinc xanım oğul toyuna hazırlaşırdılar. Ünsiyyətcil, zarafatcıl olan Emil onu tanıyan hər kəsin yaddaşında silinməz iz buraxıb. Bacısı Aytac üçün təkcə qardaş deyil, dost, sirdaş, arxa-dayaq idi. Aytacın qızı Azranın ad gününə Emilin Türkiyədən sürpriz gəlişi həmin gün onlara bir dünya sevinc bağışlamşdısa, bu gün şəhidliyi ilə o ailənin çiyninə ağır bir yük qoyub. Elə bir yük ki, həm bu itkinin kədərini yaşamalısan, həm də qürurlu və məğrur dayanmalısan. Elə atası da komandanlığın, döyüş yoldaşlarının onun haqqında dediklərindən iftixarla, qürurla danışır.
Emil Türkiyədə olanda tez-tez anasına zəng edib halına soruşarmış, deyirmiş ki, məzuniyyət götür, gəl İstanbula, bir az dincəl. Anası deyir, indi peşmanam ki, kaş gedəydim yanına, doyunca görəydim oğlumu...
10 noyabr respublikamızın ərazisində yaşanan Qələbə izdihamı Vətən göylərində dolaşan bütün narahat şəhid ruhlarını şad etdi. Onların qanı yerdə qalmadı, torpaqlarımız da azad edildi, düşməndən qisas da alındı. Övladlarının tabutunu şərəflə son mənzilə yola salan şəhid ataları, şəhid anaları qürur hissi keçirir ki, qəhrəmanlarımızın qanı bahasına işğaldan azad edilmiş torpaqlarımızda onların əmanət qoyduğu üçrəngli bayrağımız dalğalanır.
Vətən müharibəsində tarixi qələbənin əldə edilməsində misilsiz fədakarlıq göstərən, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən, hər birimizə sonsuz sevinc və qürur yaşadan qəhrəman şəhidlərimizin əziz xatirəsi uca tutulur, şücaətləri yüksək qiymətləndirilir, adları əbədiləşdirilir. Şəhid əsgər Emil Hümbətov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Şəhid Emil Hümbətov təkcə yaxınlarının deyil, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq, gələcək nəsillər onu ehtiramla yad edəcəkdir.
Allah rəhmət eləsin!
Şəhidlər ölməz, Vətən bölünməz!
Vətən uğrunda şəhid olan Emil Hümbətovun əziz xatirəsi əbədi yaşayacaqdır.
Bəli, şəhidlər ölməz, Vətən bölünməz! Allah şəhidlərimizə rəhmət eləsin.Ruhları şad olsun!!!