Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
12 Oktyabr , 2021

İslamov Bəxtiyar Saleh oğlu 1997-ci ildə iyun ayının 11-də Şirvan şəhərində anadan olub. 4 nömrəli tam orta məktəbdə oxuyub. 2012-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyə, 2015-ci ildə Heydər Əliyev adına Ali Hərbi məktəbə qəbul olub. Ali Hərbi məktəbi uğurla bitirdikdən sonra leytenant Bəxtiyar İslamov 2020-ci ilin yanvar ayından N saylı hərbi hissədə baş kəşfiyyatçı və qrup komandirinin müavini kimi xidmətini davam etdirib. 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində Füzuli, Cəbrayıl, Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüşdə yaralanmış bir neçə əsgər və zabitin həyatını xilas etsədə ,12 oktyabr 2020-ci il tarixində Xocavənd döyüşləri zamanı Hadrut istiqamətində şəhid olmuşdur. Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar İslamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar İslamov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə,Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar İslamov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramımızı bildiririk.