Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
3 Oktyabr , 2021
Şirvan şəhər Mərkəzi Kitabxananın əməkdaşları ll Qarabağ müharibəsi şəhidi Cəfərov Yusif Mübariz oğlunun Şirvan şəhər "Şəhidlər Xiyabanı"nında məzarını ziyarət etmişlər. Şəhidlərin məzarı üstünə tər çiçəklər qoyulmuşdur
Şəhidlərin əziz ruhuna dualar oxunmuşdur. 
Şirvan şəhər Mərkəzi Kitabxananın əməkdaşları ll Qarabağ müharibəsi şəhidi Cəfərov Yusif Mübariz oğlunun Şirvan şəhər "Şəhidlər Xiyabanı"nında məzarını ziyarət etmişlər. Şəhidlərin məzarı üstünə tər çiçəklər qoyulmuşdur
Şəhidlərin əziz ruhuna dualar oxunmuşdur. 
Vətən müharibəsi şəhidi Yusif Mübariz oğlu Cəfərov 1996-cı ilin aprelin 22-də Şirvan şəhərində anadan olub. Atası Mübariz Birinci Qarabağ müharibəsində döyüşərək 1992-ci ildə yaralanmış, uzun müddət müalicələr alsa da Yusif 3 yaşında ikən dünyasını dəyişib. Yusif Gülbəniz xanımın gözünün ağı-qarası yeganə övladı idi. Gülbəniz xanım bütün arzularını, ümidlərini, xəyallarını, hər şeyini Yusifə bağlamışdı. Yusif də kiçik yaşlarından ağlı, tərbiyyəsi, davranışları ilə anasının tənha həyatına nur saçırdı. 2002-ci ildə Şirvan şəhər 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olan Yusif ilk gündən dərslərinə məsuliyyətlə yanaşır, hər zaman hazırlıqlı olmağa çalışırdı. Orta məktəb illərində müəllimlərinin və sinif yoldaşlarının hörməti qazanmışdı. Yusifin yaradıcılıq istedadı var idi. Gözəl şeirlər yazır, rəsmlər çəkirdi. Hətta atasının adını özünə təxəllüs də seçmişdi - Yusif Mübariz. İntizamı, prinsipiallığı, zəhməti tezliklə ona tələbə adını qazandırır. 2013-cü ildə orta məktəbi bitirdikdən sonra Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olur və 2017-ci ildə ali təhsilini başa vurur. 2018-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılır və 1 il əsgər kimi Vətənə xidməti borcunu ləyaqətlə yerinə yetirir. Ölkə Prezidentinin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin çağırışı ilə sentyabrın 30-da cəbhəyə yollanır. Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının işğaldan azad olunması uğrunda döyüşlərdə əsl qəhrəmanlıq nümunələri göstərir. Xocavənd döyüşlərində qəhrəmancasına şəhid olan Yusif Cəfərov 2020-ci ilin noyabrın 4-də Şirvan Şəhər Şəhidlər Xiyabanında izdihamla torpağa tapşırılır. 
Yusif Mübariz oğlu Cəfərov hərbi hissə rəhbərliyinin və döyüş yoldaşlarının xatirəsində mətin, mübariz, cəsarətli əsgər kimi qalıb. Döyüş tapşırıqlarını şərəflə yerinə yetirdiyinə görə Yusifin xidmətləri dövlət başçısı, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə , bütün şəhidlərimizə dərin ehtiramımızı bildiririk.