Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xəbərlər
3 Aprel , 2021

Şirvan şəhərində Azərbaycanın Milli Qəhrəmanı Rafael Şərafət oğlu Həbibovun doğum günü münasibəti ilə xüsusi karantin rejiminin tələbləri gözlənilməklə anım mərasimi keçirilib.
   Tədbirdə Şəhər İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin nümayəndələri,  Rafael Həbibovun adını daşıdığı 14 nömrəli tam orta məktəbin rəhbərliyi, döyüş yoldaşları və ailə üzvləri iştirak edib.
   Tədbir iştirakçıları öncə Milli Qəhrəman Rafael Həbibovun büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, vətən uğrunda  canından keçən qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
    14 nömrəli məktəbin direktoru Samirə İsmayılova Rəfael Həbibovun keçdiyi ömür yolundan, məktəbin məzunu olmasından qürurla söz açıb, təhsil illərində özünü bacarıqlı şagird kimi göstərdiyini, yoldaşlarının və müəllim kollektivinin dərin hörmətini qazandığını, igidliyi ilə gənclərə örnək olduğunu bildirib.
   Şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev Rəfael Həbibovun adının əbədiləşdirilməsi ilə əlaqədar dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirildiyini, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünü qorunmasında göstərdiyi şəxsi igidlik və şücaətə görə ona Azərbaycanın Milli Qəhrəmanı adının verildiyini, təhsil aldığı orta məktəbin onun adını daşıdığını, Şirvan şəhərində büstü qoyulduğunu diqqətə çatdırıb və qeyd edib ki, gənc nəsil vətənpərvər ruhda böyüməli, öz Vətəni uğrunda canından keçən şəhidlərimizi tanımalı və onlarla qürur duymalıdır.
   Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev çıxış edərək, dövlətimiz tərəfindən şəhidlərimizə, onların ailə üzvlərinə göstərilən diqqət və qayğının Şirvan şəhər rəhbərliyi tərəfindən davam etdirilməsindən danışıb. Qeyd edib ki, şəhidlərimizin ailələri mütəmadi ziyarət olunur, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Vətən uğrunda canından keçən oğul və qızlarımızın doğum və anım günlərinin qeyd olunması Şirvan şəhərində ənənə şəklini alıb.
   Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin sədri Müşfiq Əliyev,  Milli Qəhrəmanın qardaşı Cəbrayıl Həbibov və döyüş yoldaşları çıxış edərək Rəfael Həbibovun döyüş yolundan,  göstərdiyi şücaətlərindən  danışıb, şəhidlərin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
   Tədbirin sonunda 14 nömrəli tam orta məktəbin şagirdləri qəhrəmana həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Tədbirdən sonra iştirakçılar Rəfael Həbibovun adını daşıdığı məktəbdə ona həsr olunmuş rəsm və əl işlərindən ibarət  sərgi ilə tanış olublar. Daha sonra el qəbiristanlığına gedərək Milli Qəhrəmanın qəbri ziyarət olunub və ruhuna dualar oxunub.

Mətbuat xidməti